Günay Əfəndiyeva: Azərbaycan ilə Çini qədim tarix və mədəni irsə ehtiram birləşdirir
Bakı, 14 avqust, AZƏRTAC
Bu gün biz milli-mədəni irsimizi bir daha xatırlamaq, bu irsi yaradan və yaşadan insanlara hörmət və ehtiramımızı ifadə etmək üçün bir araya gəlmişik.
Mədəni irs yalnız keçmişdən bizə qalan miras deyil. O, xalqın tarixini, dünyagörüşünü və əsrlər boyu formalaşmış mənəvi zənginliyini özündə daşıyan böyük bir təməldir. Bu baxımdan, “China Media Group” tərəfindən hazırlanmış “İrs Keşikçisi” ekran əsəri də mədəni irsin qorunmasının əhəmiyyətindən və bu istiqamətdə Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi diqqət və yanaşmasından xəbər verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva “İrs Keşikçisi” sənədli filminin Azərbaycan dilində təqdimatı zamanı səsləndirib.
Günay Əfəndiyeva bildirib ki, “İrs Keşikçisi” adı özü böyük məna ifadə edir. “Çünki irsin mühafizəsi ilk növbədə keçmişlə gələcək arasında bağlılığı nizamlamaq, mənəvi dəyərləri yaşatmaq və onları gələcək nəsillərə çatdırmaq məsuliyyətidir. Bu yanaşma Azərbaycan üçün də son dərəcə əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli mədəni irsimizin qorunması və bərpası dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu siyasət mədəniyyətin bütün sahələrini əhatə edir və onun ən mühüm təməl istiqamətlərindən biri kimi, bu gün işğaldan azad edilmiş torpaqlarımızda – Qarabağda, Şərqi Zəngəzurda tarixi-mədəni irsimizin bərpası və yenidən canlandırılması həyata keçirilir.
Bu münasibət sadəcə ölkə daxilindəki fəaliyyətlə məhdudlaşmır, sərhədləri aşaraq dünya mədəniyyətinin ümumbəşəri dəyərlərinə də yönəlir. Heydər Əliyev Fondu milli mədəniyyətimizi dünyada təbliğ etməklə yanaşı, xarici ölkələrdə də dünya mədəniyyətinin ümumbəşəri dəyərlərinin mühafizəsində mühüm rol oynamaqdadır. Fond müxtəlif layihələr vasitəsilə Azərbaycan-Çin mədəni əlaqələrinin genişlənməsində də vacib rol oynayır”, - deyə G.Əfəndiyeva əlavə edib.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan-Çin münasibətləri bu gün öz miqyasına və əhəmiyyətinə görə ikitərəfli əməkdaşlıq çərçivəsindən daha dərin məna kəsb edir. Dövlət başçılarımız arasında mövcud olan yüksəksəviyyəli qarşılıqlı etimad siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə əlaqələrin ardıcıl inkişafı üçün mühüm zəmin yaradıb.
“Azərbaycan ilə Çin xalqlarını qədim tarix birləşdirir. Bizi tarixən, hələ eramızdan əvvəl Böyük İpək Yolu birləşdirir. Bizi XII əsrdən etibarən böyük Nizami Gəncəvinin irsi ilə bağlı gözəl nümunələr birləşdirir. Bu gün isə bizi digər məqamlarla yanaşı, mədəni irsin qorunmasına olan münasibətimiz birləşdirir.
Məhz buna görə “İrs Keşikçisi” kimi layihələr xüsusi əhəmiyyət daşıyır. Çünki mədəni irs yalnız keçmişimiz deyil. O, bu gün kim olduğumuzu əks etdirir və gələcəkdə kim olacağımızı müəyyənləşdirir.
Əminəm ki, belə layihələr Azərbaycan və Çin xalqlarının bir-birinin tarixini, mədəniyyətini və dəyərlərini daha yaxından tanımasına, ölkələrimiz arasında dostluğun və səmimi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəkdir”, - deyə Günay Əfəndiyeva vurğulayıb.