Turan Abbaszadə: Möminə xatun türbəsi Azərbaycan memarlıq tarixində xüsusi mövqeyə malikdir
Bakı, 14 avqust, AZƏRTAC
Möminə xatun türbəsində həyata keçirilən bərpa və konservasiya layihəsi Azərbaycanın tarixi-mədəni irsinin qorunması istiqamətində mühüm və uzunmüddətli əhəmiyyətə malik təşəbbüsdür. XII əsrdə Əcəmi Naxçıvani tərəfindən yaradılmış bu möhtəşəm memarlıq nümunəsinin bərpası yalnız tarixi tikilinin fiziki olaraq mühafizə edilməsi deyil, eyni zamanda Azərbaycan memarlıq məktəbinin zəngin ənənələrinin, milli mədəni yaddaşın və çoxəsrlik sənət irsinin yaşadılması deməkdir.
Bunu AZƏRTAC-a açıqlamasında Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının müəllimi Turan Abbaszadə deyib.
O bildirib ki, Əcəmi Naxçıvaninin yaradıcılığı Azərbaycan memarlıq məktəbinin peşəkar və bədii inkişafında mühüm mərhələ təşkil edir. Onun memarlıq irsi konstruktiv məntiq, həndəsi dəqiqlik, monumental kompozisiya, dekorativ zənginlik və funksional məkan həllinin vahid sistemdə birləşməsi ilə səciyyələnir. Möminə xatun türbəsi isə bu prinsiplərin ən yüksək ifadələrindən biri kimi Azərbaycan memarlıq tarixində xüsusi mövqeyə malikdir.
“Möminə xatun türbəsinin qorunması və bərpasına göstərilən dövlət qayğısı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi-memarlıq abidələrinin mühafizəsinə və onların elmi əsaslarla bərpa-konservasiya edilməsinə göstərdiyi diqqət milli-mədəni irsimizin gələcək nəsillərə çatdırılması ilə yanaşı, Naxçıvanın dünya mədəniyyət və turizm xəritəsindəki mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir” – deyə o qeyd edib.
Müxbir – Gülay Nəzərova