Yeni hazırlanan və soyuducuda saxlanmasına ehtiyac olmayan vaksin israfın qarşısını ala bilər – Tədqiqat
Bakı, 14 avqust, AZƏRTAC
Böyük Britaniyada alimlər tərəfindən hazırlanan, soyuducuda saxlanmasına ehtiyac olmayan və otaq temperaturunda toz halında qoruna bilən vaksinin peyvənd israfının qarşısını ala biləcəyi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Milli Səhiyyə və Tibbi Qulluq Tədqiqatları İnstitutunun dəstəyi ilə aparılan araşdırma çərçivəsində tədqiqatçılar maye halında olan tetanus-difteriya vaksininin tərkibinə “trehaloz” maddəsi əlavə edərək, onu quru toz halına gətiriblər.
Tədqiqatçılar 1 il ərzində otaq temperaturunda saxladıqdan sonra su ilə yenidən maye halına gətirdikləri vaksini 60 könüllü üzərində sınaqdan keçiriblər.
Araşdırmanın nəticələrinə əsasən, tədqiqatçılar soyuducuda saxlanmasına ehtiyac olmayan vaksinin ənənəvi tetanus-difteriya vaksini ilə bərabər səviyyədə immun reaksiyası yaratdığını müəyyən ediblər.
Vaksinin “təhlükəsiz və yaxşı” tolere edildiyini bildirən tədqiqatçılar onun komponentlərinin mənfi 20 dərəcədən 40 dərəcəyədək temperatur aralığında da dayanıqlığını qoruduğunu qeyd ediblər.
Tədqiqatçılar bu yeni metodun vaksinlərin istehsalından tətbiqinə qədər müəyyən temperatur şəraitində saxlanılmasını tələb edən “soyuq zəncir” sistemindən asılılığı azalda biləcəyini deyiblər.
Onlar, həmçinin qarşıdakı aylarda 160 nəfərin iştirak edəcəyi daha genişmiqyaslı klinik sınaq keçirəcəklərini açıqlayıblar.
Tədqiqatçılar həmin texnologiyanın quraqlıq dövründə quruyan, yağış yağdıqda isə yenidən canlanan bitki növlərindən ilhamlanaraq hazırlandığını bildiriblər. Onların sözlərinə görə, bitkilərin istehsal etdiyi “trehaloz” maddəsi quraqlıq zamanı hüceyrələri qoruduğu kimi, vaksinlərin aktiv komponentlərinin də qorunmasını təmin edir.
Alimlər bu yeni metodla vaksin israfının qarşısının alına biləcəyini vurğulayıblar.
Araşdırmanın nəticələri "EClinical Medicine" nəşrində dərc olunub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada istehsal edilən vaksinlərin təxminən yarısı daşınma zamanı zədələnmə, istifadə müddətinin başa çatması, istifadə olunmayan dozalar və xüsusilə “soyuq zəncir”in pozulması səbəbindən istifadə olunmadan məhv edilir.
Müxbir - Göyçək Mahmudlu