Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?
Bakı, 13 avqust, AZƏRTAC
Möminə xatun türbəsinin bərpası Naxçıvanın tarixi-memarlıq mühitinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır. Abidənin memarlıq quruluşu, konstruktiv sistemi, dekorativ elementləri və üzərindəki kitabə nümunələri Azərbaycan orta əsr memarlığının inkişaf istiqamətlərinin araşdırılması üçün qiymətli mənbə rolunu oynayır.
Bunu AZƏRTAC-a açıqlamasında Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının müəllimi Turan Abbaszadə deyib.
O bildirib ki, türbənin qorunması ilə yanaşı, onun haqqında elmi məlumatların sistemləşdirilməsi və tədqiqatların davam etdirilməsi Azərbaycan memarlıq tarixinin daha dərindən öyrənilməsinə imkan yaradır. Möminə xatun türbəsi də Azərbaycan dövlətçilik tarixinin, şəhər mədəniyyətinin, memarlıq sənətinin və yüksək sənətkarlıq ənənələrinin mühüm göstəricilərindən biridir. Onun mühafizəsi keçmişə hörmətlə yanaşı, milli mədəni irsin gələcək inkişafına yönəlmiş mühüm strateji yanaşma kimi qiymətləndirilə bilər.
“Hazırda türbədə bir sıra mühüm bərpa və konservasiya tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində abidənin dam örtüyünün yenidən qurulması, mövcud konstruktiv əyilmənin dəqiq ölçülməsi və mütəmadi nəzarətdə saxlanılması, atmosfer və qrunt sularının abidəyə mənfi təsirinin qarşısının alınması üçün drenaj sisteminin yaradılması və digər zəruri işlərin görülməsi nəzərdə tutulur. Görülən tədbirlərin əsas prinsipi abidənin tarixi kompozisiyasının qorunması və onun orijinal memarlıq xüsusiyyətlərinə mümkün qədər müdaxiləsiz şəkildə gələcək nəsillərə ötürülməsidir”, - deyə o diqqətə çatdırıb.
Turan Abbaszadə əlavə edib ki, tarixi abidələrin qorunması zamanı müasir texnologiyaların tətbiqi ilə yanaşı, onların orijinal materiallarının, konstruktiv xüsusiyyətlərinin və bədii elementlərinin saxlanılması mühüm şərtdir. Dünya əhəmiyyətli abidələrdə aparılan müdaxilələr elmi əsaslara, dəqiq ölçmə və monitorinq nəticələrinə və konservasiya prinsiplərinə əsaslanmalıdır. Bu baxımdan yerli və xarici mütəxəssislərin birgə fəaliyyəti layihənin elmi və praktiki əhəmiyyətini artırır.
Müxbir – Gülay Nəzərova