Fransada yanğınsöndürənlər təminatın zəif olması və kadr çatışmazlığına görə etiraz aksiyası keçirəcəklər
Bakı, 14 avqust, AZƏRTAC
Fransada yanğınsöndürənlərin həmkarlar ittifaqları bu yay üzə çıxan problemlərə baxmayaraq, yanğınsöndürmə bölmələrinin təminatının yaxşılaşdırılması və ştatların genişləndirilməsi ilə bağlı hökumətdən istədiklərinə nail ola bilməyib və belə olan halda sentyabr ayında kütləvi etiraz aksiyası keçirməyi planlaşdırırlar.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Həmkarlar İttifaqları Sənaye Assosiasiyasının rəsmi nümayəndəsi Ksavye Bua bildirib.
“Hazırda biz fəaliyyətdə olan bütün yanğınsöndürənləri, texniki və inzibati əməkdaşları sentyabrın 29-da Parisdə keçiriləcək aksiyada iştirak etməyə dəvət edirik”, - deyə o, həmkarlar ittifaqlarının ölkənin daxili işlər naziri Loran Nunyeslə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Bua əlavə edib ki, görüş zamanı yanğınsöndürənlər nazirdən “konkret cavablar” ala bilməyiblər. Nazir yalnız vəd edib ki, mülki təhlükəsizlik xidmətlərinin modernləşdirilməsi ilə bağlı qanun layihəsi payızda parlamentin müzakirəsinə təqdim olunacaq. Lakin həmkarlar ittifaqlarının nümayəndələri bu qanun layihəsində hansı dəyişikliklərin nəzərdə tutulduğunu və yanğınsöndürmə xidmətlərinin maliyyələşdirilməsinin necə dəyişəcəyini öyrənə bilməyiblər.
Buanın sözlərinə görə, hazırda yanğınsöndürmə-xilasetmə xidmətinə yardım üçün müraciət etmək “rus ruleti” oyununa bənzəyir, çünki bütün müraciətlərin icrası üçün resurslar kifayət etməyə bilər, üstəlik yanğınsöndürən avtomobillərin sayı da getdikcə azalır. Bundan başqa, bəzi yanğınsöndürmə bölmələri demək olar ki, tamamilə qeyri-müntəzəm əsasda fəaliyyət göstərən könüllülərdən ibarətdir.
O əlavə edib ki, ölkə tarixində ən böyük meşə yanğınlarının söndürüldüyü Jirond departamentində fövqəladə xidmətlərin “çox şeyə ehtiyacı var idi”, yanğınsöndürənlərin çatışmazlığı fonunda isə digər departamentlərdən əlavə qüvvələr göndərilirdi.
“Bununla belə, yanğının söndürülməsində iştirak etmək üçün mütləq istirahət günündə və ya növbədənkənar vaxtda olmaq lazım gəlirdi, çünki rəhbərliyimiz iş vaxtımızı başqa yaşayış məntəqəsində işləmək üçün sərf etməyimizi istəmirdi”, - deyə o əlavə edib.
“Əgər qanun layihəsində hansısa sürpriz nəzərdə tutulmasa, bizi genişmiqyaslı səfərbərlik gözləyir və bu, şübhəsiz ki, peşə tarixində ən böyük etiraz aksiyası olacaq”, - deyə o sözlərini yekunlaşdırıb.