Azərbaycan Rəssamlıq Akademiyası Çin və Misirin ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Rəssamlıq Akademiyası beynəlxalq əməkdaşlıq coğrafiyasının genişləndirilməsi istiqamətində yeni layihələr həyata keçirməyə hazırlaşır.
Akademiyadan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Çin Xalq Respublikasının aparıcı incəsənət ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarının yaradılması istiqamətində ilkin danışıqlar aparılır. Perspektivdə birgə təlimlərin, ustad dərslərinin, tələbə və müəllim mübadilə proqramlarının, beynəlxalq sərgilərin, yaradıcılıq müsabiqələrinin və elmi-praktik layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Misir Ərəb Respublikasının ali incəsənət təhsili müəssisələri ilə yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması planlaşdırılır. Əməkdaşlıq çərçivəsində birgə sərgilərin, mədəniyyət günlərinin, yaradıcılıq düşərgələrinin, ustad dərslərinin, tələbə və müəllim mübadilə proqramlarının, eləcə də elmi və yaradıcılıq layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Akademiyanın beynəlxalq inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də dizayn ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsidir. Hazırda bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları dəyərləndirilir. Layihənin reallaşdırılması tələbələrin beynəlxalq standartlara uyğun təhsil almasına, xarici ali təhsil müəssisələrinin təcrübəsindən faydalanmasına, akademik mobilliyin genişlənməsinə və məzunların beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına imkan yaradacaq. Gələcəkdə ikili diplom modelinin digər ixtisaslara da tətbiqi imkanlarının araşdırılması planlaşdırılır.
Müxbir - Tünzalə Arazlı