Turan Abbaszadə: Möminə xatun türbəsinin bərpasında beynəlxalq təcrübədən istifadə olunur
Bakı, 13 avqust, AZƏRTAC
Möminə xatun türbəsində həyata keçirilən bərpa-konservasiya tədbirləri Azərbaycan dövlətinin tarix və memarlıq abidələrinin mühafizəsinə göstərdiyi diqqətin mühüm nümunələrindən biridir. İşlərin əsas məqsədi abidənin tarixi-memarlıq xüsusiyyətlərinin qorunması, zaman ərzində yaranmış konstruktiv və fiziki problemlərin aradan qaldırılması, onun uzunmüddətli mühafizəsinin təmin edilməsi və gələcəkdə elmi əsaslarla tədqiqinin davam etdirilməsi ilə bağlıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının müəllimi Turan Abbaszadə deyib.
O bildirib ki, türbənin mövcud vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə 2023–2025-ci illər ərzində yerli və xarici mütəxəssislər tərəfindən genişmiqyaslı araşdırmalar, baxışlar, ölçmə və texniki tədqiqatlar aparılıb. Bu araşdırmalar nəticəsində abidənin müxtəlif hissələrində bərpa və konservasiya tədbirlərinin həyata keçirilməsinin zəruriliyi müəyyən edilib. Tədqiqatların mütəxəssislər tərəfindən kompleks şəkildə aparılması abidənin yalnız zahiri görünüşünün deyil, həm də konstruktiv quruluşunun, materiallarının və zaman ərzində məruz qaldığı dəyişikliklərin öyrənilməsinə imkan verib.
“Möminə xatun türbəsinin bərpası ilə bağlı 2025-ci ildə dövlət səviyyəsində xüsusi Sərəncamın imzalanması abidənin milli və beynəlxalq miqyasda əhəmiyyətinin bir daha təsdiqidir. Bərpa prosesinin elmi-tədqiqat nəticələrinə əsaslandırılması, müasir texniki imkanlardan istifadə olunması və tarixi abidələrin qorunması sahəsində beynəlxalq təcrübənin tətbiqi layihənin əsas xüsusiyyətlərindəndir. Bu məqsədlə tarixi abidələrin bərpası sahəsində uzunillik təcrübəyə malik Avstriyanın “Atelier Erich Pummer gmbh” şirkəti ilə əməkdaşlıq həyata keçirilir”, - deyə Turan Abbaszadə qeyd edib.
Müxbir – Gülay Nəzərova