Rusiya Ermənistandan məhsul idxalının bərpası üçün şərtləri açıqlayıb
Moskva, 13 avqust, AZƏRTAC
Ermənistanın kənd təsərrüfatı məhsullarının təhlükəsizlik tələblərinə cavab verməsinin təmin olunması və icbari tələblərə uyğunluğu Rusiya bazarına tədarükün bərpa edilməsi üçün şərtlərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Almatıda Avrasiya İqtisadi İttifaqının Aqrar-Sənaye Siyasəti Şurasının VII iclası çərçivəsində Rusiya Kənd Təsərrüfatı naziri Oksana Lut ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan arasında keçirilən görüşün yekunlarına dair məlumatda bildirilir.
Rusiya qurumunun məlumatına görə, Ermənistan istehsalçıları öz xammallarından faydalanmalı, pestisidlərin miqdarına nəzarət etməli və tədarüklərin izlənilmək imkanına malik olmalıdırlar. Həmçinin Avrasiya İqtisadi İttifaqının baytarlıq və fitosanitar normalarına qeyd-şərtsiz riayət edilməsi və göndərilən məhsulların təhlükəsizliyinə nəzarət alqoritminin hazırlanması zəruridir.
Ermənistan məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı iradlara görə Rusiyada mayın 22-dən çiçəklərin, mayın 30-dan təzə pomidor, xiyar, bibər, göyərti və çiyələyin, iyunun 2-dən çəyirdəkli meyvə və təzə üzümün, iyunun 3-dən tumlu meyvələr, badımcan, kartof və quru meyvələrin idxalına qadağa qüvvədədir. İyunun 12-dən Ermənistandan bütün karantin nəzarətində olan məhsulların idxalı qadağan edilib.
Bundan əlavə, iyunun 2-dən Rusiya bazarı üçün nəzərdə tutulan diri balıq və balıq məhsullarının sertifikatlaşdırılması dayandırılıb, iyulun 27-dən isə Ermənistanın süd məhsullarının idxalına məhdudiyyət qoyulub.