Prezidentin Sərəncamı Naxçıvan üçün yeni investisiya dalğası yaradacaq - ŞƏRH
Naxçıvan, 13 avqust, AZƏRTAC
Tarixən zəngin mədəni irsi, geosiyasi əhəmiyyəti və əməksevər insanları ilə seçilən Naxçıvan Muxtar Respublikası müasir dövrdə keyfiyyətcə tamamilə fərqli bir inkişaf mərhələsinə qədəm qoyub. Uzun illər blokada şəraitinin çətinliklərinə baxmayaraq, dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü siyasət və genişmiqyaslı islahatlar bölgəni tərəqqi meydanına çevirib. Xüsusilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, eləcə də regionda formalaşan əlverişli biznes mühiti Naxçıvanı yerli və xarici investorlar üçün son dərəcə cəlbedici edib. Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri, avqustun 12-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamın imzalanması və bu çərçivədə muxtar respublikanın sosial-iqtisadi inkişafına, ümumilikdə, 258 milyon manat vəsaitin yönəldilməsi bölgədə formalaşan yeni investisiya dalğasının sistemli və məqsədyönlü dövlət strategiyasının tərkib hissəsi olduğunu göstərir. Bu maliyyə resurslarının və genişmiqyaslı islahatların sinergiyası Naxçıvanı Cənubi Qafqazın ən dinamik və rəqabətqabiliyyətli regionlarından birinə çevirməkdədir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Dövlət Universitetinin müəllimi, hüquqşünas Əli Qədimov deyib.
O qeyd edib ki, iqtisadi aktivliyin şaxələndirilməsində sənaye sektorunun rolu əvəzsizdir: "Səfər zamanı təməli qoyulan Naxçıvan Sənaye Parkı yerli və xarici investorlar üçün tətbiq olunan vergi-gömrük güzəştləri, habelə müasir istehsal və mühəndis infrastrukturu ilə regionun sənaye profilini tamamilə yeniləyir. Sənaye parkının yaradılması xammal bazasının emal olunaraq yüksək əlavə dəyərli məhsula çevrilməsini təmin etməklə yanaşı, daxili bazarın təminatını gücləndirəcək və ixrac potensialını kəskin şəkildə artıracaq. Eyni zamanda, Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsinə yönəldilən 66 milyon manatlıq investisiya Naxçıvanın enerji müstəqilliyini möhkəmləndirəcək, yaşıl enerji keçidini reallığa çevirəcək və gələcəkdə təmiz enerjinin ixracına zəmin yaradacaq".
Əli Qədimovun sözlərinə görə, infrastrukturun yenilənməsi və nəqliyyat-logistika əlaqələrinin şaxələndirilməsi bu investisiya dalğasının digər hərəkətverici qüvvəsidir. 156 mindən çox əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan avtomobil yollarının əsaslı təmirinə 70 milyon manat vəsaitin ayrılması regiondaxili iqtisadi inteqrasiyanı sürətləndirəcək. Daha geniş miqyasda isə Zəngəzur dəhlizinin açılması perspektivləri fonunda Naxçıvanın Avrasiya nəqliyyat xəritəsində mühüm logistik qovşağa çevrilməsi imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Şərq ilə Qərbi birləşdirən ticarət yollarının kəsişməsində yerləşən bu qədim diyar tranzit potensialının reallaşması sayəsində qlobal iqtisadi axınların fəal iştirakçısına çevriləcək, xidmət və ticarət sektorlarında yeni investisiya bumu yaradacaq.
O vurğulayıb ki, Sərəncamda nəzərdə tutulan tədbirlər çərçivəsində Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanası kompleksinin inşası elm və təhsilin maddi-texniki bazasının gücləndirilməsinə, eləcə də gənc kadrların müasir standartlara uyğun yetişdirilməsinə xidmət edəcək. Bundan əlavə, muxtar respublikanın müxtəlif bölgələrində yaşayış binalarının, o cümlədən yüzlərlə mənzilin tam və fasad hissələrinin əsaslı təmiri, yeni məktəbəqədər təhsil müəssisələrinin tikintisi və “Naxçıvan” Mehmanxana Kompleksinin təməlinin qoyulması şəhərsalma mədəniyyətinin yüksəldilməsini və turizm imkanlarının genişləndirilməsini təmin edəcək. Şəhərsalma Baş Planına uyğun olaraq həyata keçirilən bu tədbirlər hər bir vətəndaşın gündəlik həyat keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərəcək.
"Naxçıvan üçün reallaşan bu yeni investisiya dalğası uzaqgörən dövlət siyasətinin, möhkəm təhlükəsizlik arxitekturasının və sistemli islahatların məntiqi nəticəsidir. Ayrılan maliyyə resursları, sənaye zonaları, bərpaolunan enerji layihələri və modernləşən nəqliyyat dəhlizləri Naxçıvan Muxtar Respublikasının iqtisadi simasını kökündən dəyişir. Bu proses Naxçıvanın iqtisadi potensialını tam reallaşdırmaqla bərabər, onu regionun inkişaf etmiş, dayanıqlı və ixracatyönümlü mərkəzlərindən birinə çevirəcək", - deyə Naxçıvan Dövlət Universitetinin müəllimi əlavə edib.
Müxbir- Nail Əsgərov