® “PAŞA Holdinq”in təşkilatçılığı ilə Bakıda növbəti “INMerge” İnnovasiya Sammiti keçiriləcək
Ötən il 5000-dən çox iştirakçı, 150-dən çox spiker, 100-dən çox startap və investoru bir araya gətirən “INMerge” İnnovasiya Sammiti bu il altıncı dəfə təşkil olunacaq. Sammit 2026-cı il 30 noyabr və 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq.
“INMerge” regionun innovasiya ekosisteminin əsas iştirakçılarını - startapları, investorları, korporativ nümayəndələri və sahə liderlərini bir araya gətirərək yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradır.
Ötən il sammitdə “Pixar” şirkətinin keçmiş prezidenti Ed Katmull, “Netflix”in həmtəsisçisi Mark Randolf, Massaçusets Texnologiya İnstitutunun professoru Hal Qreqersen, “OpenAI” şirkətinin bazara çıxış üzrə keçmiş rəhbəri Zak Kass və Harvard Universitetinin professoru Tarun Xan kimi tanınmış ekspertlər çıxış ediblər.
2026-cı il “INMerge” İnnovasiya Sammitində “Nike” şirkətinin keçmiş marketinq direktoru Qreq Hoffman, Nobel mükafatı laureatı Coel Mokir, “Google X” şirkətinin keçmiş biznes direktoru Mo Qavdat və digər nüfuzlu spikerlərin iştirakı nəzərdə tutulur.
Eyni zamanda, INMerge 2026 üçün startap qeydiyyatı artıq açıqdır. Seçilmiş startaplar 50 min dollar məbləğində mükafat fondu uğrunda yarışmaq, 5 ulduzlu oteldə ödənişsiz yerləşmə, xüsusi stendlə təqdimat imkanı və korporativ şirkətlərlə seçilmiş fərdi görüşlərdə iştirak etmək fürsəti əldə edəcəklər. Startaplar üçün müraciətin son tarixi 2026-cı il sentyabrın 15-dir.
Daha ətraflı: https://www.inmerge.az/