Rəssam və şair Nazim Şahın “13-cü dua” adlı fərdi sərgisi açılıb
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Rəssamlar İttifaqında rəssam və şair Nazim Şahın “13-cü dua” adlı fərdi sərgisinin açılışı olub. Layihənin kuratoru qismində Sofiya Frank çıxış edib. Sərgi avqustun 18-nə qədər davam edəcək.
AZƏRTAC xəbər verir ki, eksponatlar rəssamın rəsmlərini sərgi məkanına inteqrasiya olunmuş on üç şeir ilə birləşdirir. Əsərlər vahid bir ifadə — rəssamla Uca Tanrı arasında şəxsi və açıq söhbət yaratmaq üçün nəzərdə tutulub.
“Dünyanı təsvir edən rəssamlar var. Dünya ilə söhbət edənlər də var. Nazim Şah sonunculardan biridir, lakin onun söhbəti tamaşaçıya və ya incəsənət tarixinə deyil, Uca Tanrıya yönəlib”, - deyə sərginin kuratoru Sofiya Frank qeyd edib.
Sərginin açılış mərasimində çıxış edən Xalq rəssamı Aydın Rəcəbov Nazim Şahın istedadını və peşəkarlığını yüksək qiymətləndirib, onun əsərləri ilə bağlı fikirlərini qonaqlarla bölüşüb.
Sərginin açılışında rəssam Vüqar Əli və şair Ələsgər Talıboğlu da çıxış edərək Nazim Şahın yaradıcılığı haqqında maraqlı faktları diqqətə çatdırıblar.
Nazim Şah 1974-cü ildə Azərbaycanın Füzuli rayonunda anadan olub. 1993-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1997-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. O, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Rəssam və şair 1997-ci ildən bəri beynəlxalq və milli sərgilərdə iştirak edib. O, Bakıda və Türkiyənin Antalya şəhərində fərdi sərgilər keçirib. Rəssamın əsərləri Türkiyə, ABŞ, İran, Belçika, Rusiya və Fransada şəxsi kolleksiyalarda saxlanılır.
Layihə çərçivəsində 15 avqust saat 15:00-da sərginin kurator turu və rəssamla görüş keçiriləcək. Giriş sərbəstdir.