Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO
Bakı, 14 avqust, AZƏRTAC
Avqustun 14-də Bakıda “China Media Group”un Çin Radio və Televiziya Mərkəzi tərəfindən xüsusi olaraq Azərbaycan dilində hazırlanan “İrs Keşikçisi” sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Çinin Azərbaycandakı səfiri Lu Mey, Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Tural Babayev, “ARB24” telekanalının icraçı direktoru Radik İsmayılov, “China Media Group”unun Çin Radio və Televiziya Mərkəzinin direktoru xanım Van Lu çıxış ediblər.
Çinin Azərbaycandakı səfiri Lu Mey qeyd edib ki, hazırda Çin və Azərbaycan arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin sayı artır, əlaqələr getdikcə genişlənir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, “Bir kəmər, bir yol” təşəbbüsünün birgə həyata keçirilməsi çərçivəsində mühüm və məhsuldar nəticələr əldə olunur, ikitərəfli ticarət dövriyyəsi isə dəfələrlə yeni rekord göstəricilərə çatır. İki xalqın bir-birinin mədəni irsi və həyatı ilə daha yaxından tanış olmaq istəyi getdikcə güclənir. Mədəniyyət, təhsil, media, beyin mərkəzləri, turizm, elm və texnologiyalar, regionlararası əlaqələr və digər sahələrdə humanitar əməkdaşlıq getdikcə dərinləşir və praktiki nəticələrlə zənginləşir. Bu əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafına yeni imkanlar qazandırmaqla yanaşı, onların ictimai dayaqlarını da möhkəmləndirir.
Səfir diqqətə çatdırıb ki, məhz belə dostluq və qarşılıqlı anlaşma şəraitində “İrs Keşikçisi” sənədli filmi “China Media Group”unun Çin Radio və Televiziya Mərkəzi tərəfindən Azərbaycan dilində təqdim olunmaq üçün xüsusi olaraq hazırlanmışdır. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və “ARB24” telekanalı da qısa müddət ərzində resursları səfərbər edərək filmin Azərbaycanda yayımlanmasına fəal dəstək göstərib.
Lu Mey vurğulayıb ki, filmin Azərbaycanda uğurla nümayiş etdirilməsi yalnız Çin və Azərbaycan mediası arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərmir, həm də azərbaycanlı tamaşaçılara Çin Xalq Respublikasının Sədri Si Cinpinin mədəniyyətə dair düşüncələrini daha dərindən anlamağa, Çinin dövlət idarəçiliyi konsepsiyasının söykəndiyi zəngin mədəni irsi daha yaxından dərk etməyə imkan verəcək. Çin Radio və Televiziya Mərkəzi, həmçinin Azərbaycan mediasına bir sıra yüksəkkeyfiyyətli proqramlar təqdim edəcək. Bu proqramlar Azərbaycanlı tamaşaçılar üçün yeni dövr Çini daha yaxşı tanımaq, Çin xalqının ənənəvi mədəniyyətinin özünəməxsus cazibəsini hiss etmək üçün mühüm körpü rolunu oynayacaq, iki ölkə arasında humanitar mübadilənin və xalqlar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə töhfə verəcək.
Azərbaycan Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxışında bildirib ki, “İrs Keşikçisi” adı özü böyük məna ifadə edir. “Çünki irsin mühafizəsi ilk növbədə keçmişlə gələcək arasında bağlılığı nizamlamaq, mənəvi dəyərləri yaşatmaq və onları gələcək nəsillərə çatdırmaq məsuliyyətidir. Bu yanaşma Azərbaycan üçün də son dərəcə əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli mədəni irsimizin qorunması və bərpası dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu siyasət mədəniyyətin bütün sahələrini əhatə edir və onun ən mühüm təməl istiqamətlərindən biri kimi, bu gün işğaldan azad edilmiş torpaqlarımızda – Qarabağda, Şərqi Zəngəzurda tarixi-mədəni irsimizin bərpası və yenidən canlandırılması həyata keçirilir.
“China Media Group”unun Çin Radio və Televiziya Mərkəzinin direktoru Van Lu bildirib ki, Si Cinpinin mədəni bağlılığı -“İrs Keşikçisi” sənədli filmi CMG-nin Azərbaycan dilinə tərcümə olunan ilk audiovizual layihəsidir. Film Çinin mədəni irsinin qorunması və inkişafı tarixindən bəhs edir. Film Si Cinpinin mədəni irsin qorunmasına və tarixi varisliyin davam etdirilməsinə yanaşmasını nümayiş etdirir.
Van Lu diqqətə çatdırıb ki, Çin Media Korporasiyası (CMG) Azərbaycanla audiovizual və mədəni mübadilənin inkişafı çərçivəsində azərbaycanlı jurnalistlərə ondan çox sənədli film təqdim edib. Təqdim olunan proqramlar arasında Çin şəhərlərinin inkişafı, süni intellekt, ənənəvi sənətkarlıq, robot istehsalı, Çin tarixi, ənənəvi Çin təbabəti, çay mədəniyyəti və mətbəxi haqqında filmlər var.
Filmin təqdimatından sonra tədbir iştirakçıları layihə barədə fikirlərini bölüşüblər. Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılmasının elan olunması münasibətlərin inkişafında yeni mərhələ açıb və humanitar sahədə əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait formalaşdırıb.
Sonda “China Media Group”unun Çin Radio və Televiziya Mərkəzinin direktoru xanım Van Lu “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Tural Babayevə sənədli filmləri təqdim edib.
Müxbir - Pərvanə Qafarova