AKİA-nın sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib
Bakı, 14 avqust, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov avqustun 14-də Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şəmkir və Bərdə rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən güzəştli kredit, soyuducu anbarlara dəstək, güzəştli şərtlərlə texnika alışı və digər məsələlərlə bağlı olub. AKİA-nın sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Yalçın Camalov vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Agentliyin sədri rayonun Dəllər Cəyir kəndində AKİA tərəfindən subsidiya verilən, fermer Rüfət Firdovsi oğlu Soltanova məxsus, ümumi tutumu 1000 ton olan soyuducu anbar kompleksinə baş çəkib. Soyuducu anbarın iki ildir istifadəyə verildiyi və meyvə-tərəvəzin saxlanılması üçün nəzərdə tutulduğu bildirilib. Hazırda soyuducu anbarda fermerin özünün və digər sakinlərin kartof məhsulu saxlanılır. Müəssisənin işi ilə tanış olan Yalçın Camalov fermerə təsərrüfatın daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq məsləhət və tövsiyələr verib.
AKİA-nın sədri görüş zamanı, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri, aqrar istehsalın səmərəliliyinin artırılması, innovativ texnologiyaların tətbiqi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verib.