İQTİSADİYYAT
Bakıda Qadın sosial sahibkarlıq forumu keçirilib
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Bakıda Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və “Education HUB”ın təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə olaraq Qadın sosial sahibkarlıq forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektoru üzrə istehsalın və ixracın artırılması, biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinin yaradılması istiqamətlərində kompleks tədbirlərin görüldüyü deyib.
Bildirib ki, həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində cari ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, kənd təsərrüfatı 3,6 faiz artıb. Həmçinin, ötən il özəl sektorun ÜDM-də payı 84,7 faizə çatıb, məşğulluqdakı payı isə 76 faiz təşkil edib. Bu da ölkə iqtisadiyyatının qlobal çağırışlara dayanıqlılığının mühüm göstəricisidir.
Forumun əhəmiyyətini qeyd edən nazir müavini bildirib ki, ölkəmizdə qadınların digər sahələrdə olduğu kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi də diqqətdə saxlanılır. Qadınların iqtisadi təşəbbüskarlığının artması, biznesdə geniş təmsil olunması ölkənin sosial-iqtisadi inkişafı, məşğulluğun təmin olunması baxımından əhəmiyyətlidir: “Ölkə üzrə fərdi sahibkarların təqribən 20 faizini qadınlar təşkil edir. Qadın sahibkarlığının inkişaf etdirilməsi əsas fəaliyyət istiqamətlərindəndir. Azərbaycan-Almaniya Birgə Proqramı çərçivəsində biznesin idarə edilməsi üzrə Almaniyada ixtisasartırma kursu keçmiş iştirakçıların təxminən 20 faizdən çoxu qadın sahibkarlar olub. Növbəti illərdə də Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sosial sahibkarlığın inkişaf etdirilməsi, əhalinin həssas qruplarının, sosial cəhətdən müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə dəstək göstərilməsi istiqamətində tədbirlər davam etdiriləcək”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə Azərbaycanda qadın sahibkarlığın inkişafı və istiqamətləri barədə məlumat verib. Bildirib ki, ölkədə sosial sahibkarlıq inkişaf edir: “Qadınların fəaliyyətlərinin dəstəklənməsi və gücləndirilməsi daim xüsusi önəm kəsb edir. Komitə olaraq bu istiqamətdə fəaliyyətdə beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm veririk”.
AQSİA-nın idarə heyətinin sədri Səkinə Babayeva forumun əhəmiyyətdən danışıb.
Forum işini panel iclaslarla davam etdirib. İclaslarda Qazaxıstan, Gürcüstan və ABŞ-dan olan ekspertlər öz ölkələrində sosial sahibkarlığın əhəmiyyəti, əldə etdikləri nailiyyətləri forum iştirakçıları ilə bölüşüblər.