Bakıda qadınlara qarşı gender əsaslı zorakılıqla mübarizəyə həsr olunmuş tədbir keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd ənənəvi və rəqəmsal medianı qadınlara və qızlara qarşı gender əsaslı zorakılıqla mübarizə işinə cəlb etmək, o cümlədən onların dəstəyi ilə hər kəsə çağırış etməkdir. Toplantıda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media qurumlarının təmsilçiləri, tanınmış jurnalistlər, blogerlər iştirakı ediblər.
Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, kampaniyanın əsas məqsədi qadınlara qarşı hər hansı zorakılığın qarşısının alınması və bununla bağlı maarifləndirmə işinin aparılmasıdır.
Sədaqət Qəhrəmanova diqqətə çatdırıb ki, bəzi hallarda qadınlar onlara qarşı edilən zorakılıq hallarını gizli saxlayırlar. Bu da hadisənin ciddi xarakter almasına və günahkarların məsuliyyətə cəlb edilməsinin gecikməsinə səbəb olur.
Qadınlara qarşı zorakılıqla mübarizədə cəmiyyətin və medianın rolunu yüksək qiymətləndirən komitə sədrinin müavini preventiv tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, media işçiləri qadınlara qarşı zorakılıqla bağlı etibarlı və müstəqil məlumat mənbələrindən istifadə etməlidirlər. Onlar, həmçinin milli, regional və beynəlxalq sənədlər barədə məlumatlı olmalıdırlar.
"Yeni qloballaşan kommunikasiya dövrünün müsbət olduğu kimi, qaranlıq tərəfləri də var. Buraya sosial medianın bəzən qeyri-konstruktiv şəkildə istifadə edilməsi daxildir. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən maarifləndirmə məqsədilə təhsil ocaqlarında təlimlərin təşkil edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva qeyd edib ki, qadınlara və qızlara qarşı zorakılıq dünyada ən geniş yayılmış insan hüquqları pozuntusu kimi qalır və hər 3 qadından 1-i bundan əziyyət çəkir. Bu rəqəm son on il ərzində əsasən dəyişməz qalıb.
“BMT-nin Azərbaycandakı nümayəndəliyi bu kampaniyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, inkişaf tərəfdaşları, akademik dairələr və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edəcək. Bu 16 gün ərzində biz Azərbaycanın 16 bölgəsinə səfər edəcəyik. Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün məlumatlılığı artıracağıq, zorakılıqdan əziyyət çəkənləri dəstəkləyəcəyik, qadınlara qarşı nifrətə "yox" deyəcəyik və dəyişikliyə aparan fəaliyyət üçün bütün imkanları səfərbər edəcəyik”, - deyən Vladanka Andreyeva qadınların hüquqlarını müdafiə etmək üçün mövqe tutmağa, qadın və qızlara qarşı zorakılığa son qoymağa çağırış edib. Vurğulayıb ki, zorakılıqla mübarizədə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bu məsələdə əsasən də medianın rolu çox böyükdür.
Vladanka Andreyevanın sözlərinə görə, dünya mətbuatında informasiyaların ötürülməsi zamanı qadın zorakılığı ilə bağlı xəbərlərdə stereotiplər saxlanılır. “Media bizim həyatımızı formalaşdırır və qadınlara qarşı mübarizədə bu sahədə çalışanlardan dəstək gözləyirik”, - deyə V. Andreyeva qeyd edib.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev zorakılığa qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib. Statistik rəqəmlərə diqqət çəkən DİN rəsmisi bu sahədə ölkədə kifayət qədər işlər aparıldığını qeyd edib.
Sonra məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş videorolik nümayiş olunub.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, "Regional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl, hüquq üzrə fəlsəfə doktoru, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva çıxış edərək ölkəmizdə bütün sahələrdə olduğu kimi, qadın zorakılığına qarşı mübarizə istiqamətində də ardıcıl və məqsədyönlü iş aparıldığını, zəruri tədbirlər görüldüyünü diqqətə çatdırıblar. Qeyd olunub ki, qadın zorakılığına qarşı mübarizədə susmamalı və səylərimizi birləşdirməliyik. Onlar məsələyə qlobal yanaşmanın vacibliyini qeyd ediblər.
Tədbir müzakirələrlə davam edib. Müzakirələrdə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev iştirak edib.
Tədbirin sonunda qadın zorakılığına qarşı mübarizə ilə bağlı videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, “Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” hər il noyabrın 25-də keçirilir. Beynəlxalq kampaniya 25 Noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü və 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü tarixləri arasında keçirilir. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hər kəsi qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.