Bakıda ticarət prosedurlarının sadələşdirilməsi ilə bağlı məlumat kitabçasının hazırlanmasına dair Beynəlxalq seminar keçirilir
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Regional Tədris Mərkəzində ticarət prosedurlarının sadələşdirilməsi ilə bağlı məlumat kitabçasının hazırlanmasına dair Beynəlxalq seminar öz işinə başlamışdır.
Tədbirdə Azərbaycanın və Gürcüstanın Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya xidmətlərinin və digər əlaqədar təşkilatların, eləcə də Latviyanın mütəxəssisləri, beynəlxalq təşkilatların ekspertləri və nümayəndələri iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək tədbir Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının “Cənubi Qafqaz ölkələrində inteqrasiya edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək” layihəsi çərçivəsində keçirilir.
Layihənin Azərbaycan üzrə meneceri Məzahir Əfəndiyev tədbiri açaraq son illər sərhəd idarəçiliyi sistemində böyük uğurlar əldə edildiyini bildirmişdir. O demişdir ki, hazırda hərtərəfli inkişaf mərhələsini yaşayan Azərbaycanda müxtəlif sahələr üzrə qabaqcıl təcrübələrin tətbiqi istiqamətində ciddi tədbirlər görülür və bu sahədə davamlı nailiyyətlər əldə etməkdədir.
Gürcüstanın müvafiq qurumları nümayəndələrinin də iştirak etdikləri bu seminarın əsas məqsədi sərhəd-keçid məntəqələrində mövcud prosedurların təkmilləşdirilməsi imkanlarını araşdırmaq, müvafiq qaydada təkliflər paketi hazırlanmasına töhfə verməkdir.
Tədbir çərçivəsində sərhəd-buraxılış məntəqələrində mövcud prosedurlar, müasir və qabaqcıl təcrübələr müqayisəli təhlil olunacaq, həmin prosedurların daha da təkmilləşdirilməsi imkanları araşdırılacaqdır.
Seminarı İCMPD-nin (Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi) Latviyadan olan ekspertləri aparırlar.
Seminarın ilk günündə Latviyanın gömrük idarələrinin strukturu və funksiyaları, ərzaq və baytarlıq xidmətləri haqqında ümumi məlumatlar verilmişdir.
Həmçinin Azərbaycanın sərhəd mühafizəsi, gömrük xidməti və Gürcüstan patrul polisi, gömrük xidməti haqqında təqdimatlar dinlənilmişdir.
Seminar mayın 13-dək davam edəcəkdir.
######
