BAKIDA V BEYNƏLXALQ “ŞƏRQ-QƏRB” KİNOFESTİVALI KEÇİRİLİR
Oktyabrin 11-də “Azərbaycan” kinoteatrında “Şərq-Qərb” V Bakı beynəlxalq kinofestivalının təntənəli açılış mərasimi olmuşdur. Azərbaycanda dünya kinosunun 100 illiyi fondunun, respublika Kinematoqrafçılar İttifaqının təşəbbüsü və MDB ölkələrinin və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının köməyi ilə keçirilən kinofestivalda Azərbaycan, Rusiya, Türkiyə, Çin, Almaniya, Çexiya, Fransa, Moldova və digər ölkələrin tanınmış kino xadimləri iştirak edirlər.
Festivalın açılışından əvvəl nümayəndə heyətləri Şəhidlər xiyabanını ziyarət edərək, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş mərd oğul və qızlarımizın xatirəsini yad etdilər.
Mərasimi MDB ölkələrinin və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri, Azərbaycanın xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyov açaraq vurğuladı ki, artıq ənənəyə çevrilmiş “Şərq-Qərb” festivalı tamaşaçıların və kino xadimlərinin şüurunda ilin əsas kinematoqrafiya hadisələrindən biri kimi möhkəm kök salmışdır. Bu cür forumlarda müxtəlif ölkələrin və xalqların mədəniyyətlərinin qarşılıqlı zənginləşməsi prosesi gedir, onların yaradıcılıq əlaqələri genişlənir. Çox xoşdur ki, bu proses əsrlərdən bəri müxtəlif xalqların nümayəndələrinin həmişə əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşadığı, şərq və qərb sivilizasiyaları ənənələrinin çox gözəl şəkildə qaynayıb-qarışdığı Azərbaycan paytaxtında başlanmışdır.
Sonra Rusiyanın tanınmış rejissoru Pavel Lungin çıxış etdi. O, festivalın təşkilatçılarına təşəkkür edərək, əmin olduğunu bildirdi ki, növbəti kinoforumlar da yüksək səviyyədə təşkil olunacaqdır.
Sonra türk rejissoru Əli Özgəntürkün “Balalayka”, rejissor Pavel Lunginin “Oliqarx” və Çin rejissoru Xo Szyan Sinin “Kənd poçtalyonu” filmləri nümayiş etdirildi.
Kinofestival öz işini davam etdirir.