Bakıda VI Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Mərkəzi Bankının (AMB), İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi və “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində noyabrın 24-25-də ənənəvi VI Beynəlxalq Bankçılıq Forumu - “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” keçiriləcək.
ABA-dan AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək forumda aidiyyəti dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrdən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir. Forumda “POST-COVID dövründə bankçılıq: çağırışlar və imkanlar”, “Açıq bankçılıq: gələcək daha əlaqəlidir”, “Ödənişlər: asanlıqdan super sürətli və super maneəsizə doğru”, “Rəqəmsal aktivlər: bizi nə gözləyir”, “Müxbir münasibətlər”, “Kibertəhlükəsizlik trendləri” adlı yeddi panel ətrafında müzakirələr aparılacaq, 50-dən çox spikerin çıxış edəcəyi panellərə 1000-dən çox iştirakçının dinləyici kimi qoşulması nəzərdə tutulub.
Qeyd edək ki, bu Forum Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Digər tədbir isə illik əsasda keçirilən “Fintex Sammit”dir. Əlavə məlumat və qeydiyyat üçün: https://www.gbmevents.az/en/event/the-sixth-international-banking-forum