BAKIDA XƏZƏRYANI ÖLKƏLƏRİN UNİVERSİTETLƏRİ ASSOSİASİYASININ VIII ASSAMBLEYASI KEÇİRİLMİŞDİR
Tədbirdə Həştərxan Dövlət Texniki Universiteti, Dağıstan Dövlət Universiteti, Kalmık Dövlət Universiteti (Rusiya Federasiyası), Qorqan Kənd Təsərrüfatı və Təbii Resurslar Universiteti, Mazandaran Universiteti (İran İslam Respublikası), Atırau Dövlət Neft və Qaz İnstitutunun (Qazaxıstan Respublikası) nümayəndələri iştirak edirlər.
Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov tədbiri açaraq Türkmənistandan başqa assosiasiyaya üzv olan digər Xəzəryanı ölkələrin universitetlərinin tədbirdə təmsil olunduğunu bildirmişdir. Natiq universitetlərin və elmi tədqiqat mərkəzlərinin alim və tədqiqatçıların diqqətini regional əməkdaşlıq şəraitində Xəzər dənizinin problemlərinin həllinə yönəldən assambleyanın fəaliyyəti barədə geniş məlumat vermişdir.
Təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsil sahəsindəki yeniliklərdən danışmış və tədbirin iştirakçılarına uğurlar arzulamışdır.
Sonra assambleyanın nümayəndə heyətinin başçıları çıxış etmişlər. Qurumun növbəti rəhbəri Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov seçilmiş və ona diplom təqdim edilmişdir.
İki gün davam edəcək assambleyada “Xəzər geosiyasi
hövzəsində Assosiasiyanın rolu”, “Xəzəryanı regionda əməkdaşlığın inkişaf imkanlarının qiymətləndirilməsi” və digər mövzularda məruzələr dinləniləcəkdir.