Bakıdakı Rus evində “İlham Əliyev. And. 20 ildən sonra” filminin müzakirəsi keçirilib
Bakı, 16 fevral, AZƏRTAC
Bakıdakı Rus evində “İlham Əliyev. And. 20 ildən sonra” filminin müzakirəsi keçirilib. Tədbirdə Azərbaycanın Rus Gəncləri Assosiasiyası, “Yaşlek” Tatar Gəncləri Mərkəzinin təmsilçiləri və soydaşlarımız iştirak ediblər.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov və Azərbaycanın Rus Gəncləri Assosiasiyasının rəhbəri Sergey Danilov çıxış ediblər.
Film nəinki ölkəni erməni işğalçılarından azad etmək və ona ərazi bütövlüyünü qaytarmaq vədini yerinə yetirən, həm də Azərbaycanı dünyanın qabaqcıl və iqtisadi cəhətdən inkişaf edən ölkələri sırasına çıxaran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şanlı yolundan bəhs edir.
Filmin rejissoru TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi və Əməkdar jurnalisti Mixail Solomonoviç Qusmandır.
“Mənim şüurumda ötən 20 il ərzində İlham Heydər oğlunun üç əsas nitqi olub: birincisi, düz 20 il bundan əvvəl - 2003-cü il oktyabrın 31-də, onun ilk andiçmə nitqi, digər iki nitqi - hər ikisi 2023-cü ildə. İkincisi, mayın 20-si Şuşada, bu, bir növ nəticələrə yekun vurma və gələcəyə andiçmə idi. Üçüncüsü isə oktyabrın 15-də Xankəndidə. Fikrimcə, çıxışlarının bu triadası onun daxili əhvalını, daxili dünyasını, dərin təfəkkürünü göstərir”, - deyə Mixail Qusman film üzərində işləyərkən qeyd edirdi.
Tanınmış rusiyalı jurnalistin sözlərinə görə, Azərbaycan xalqının bu gün Prezident İlham Əliyevə tam inamının sirrini izah etməkdən ötrü onun dövlət başçısı qismində rəhbərliyi ilə ölkənin bütün böyük uğurlarını tam təhlil etmək lazımdır.