Bakının 213 məktəblisi respublika fənn olimpiadasının final mərhələsində biliklərini sınayacaq
Bakı, 18 aprel, AZƏRTAC
Respublika fənn olimpiadalarının final mərhələsində Bakının 213 məktəblisi iştirak etmək hüququ qazanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki təhsil müəssisələrindən Azərbaycan dili və ədəbiyyat fənni üzrə 16, riyaziyyat fənni üzrə 9, fizika fənni üzrə 7, kimya fənni üzrə 7, biologiya fənni üzrə 12, coğrafiya fənni üzrə 74, tarix fənni üzrə 16 və informatika fənni üzrə 72 şagird bilik yarışının final mərhələsində biliklərini sınayacaqlar.
Olimpiadanın yarımfinal turunun nəticələri barədə məlumatı şagirdlər təhsil aldıqları məktəblərdən və ya www.olimpiada.edu.az elektron ünvanından əldə edə bilərlər.
“Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları”na əsasən, olimpiadaların respublika mərhələsinin final turuna müvafiq fənn və sinif üzrə ən yaxşı nəticə göstərən 20 şagird (coğrafiya və informatika fənni istisna olmaqla) və siyahı üzrə 20-ci şəxslə eyni bal toplayan məktəblilər dəvət olunurlar.
Bilik yarışının final turunda iştirak hüququ qazanan şagirdlər aprelin 23-dən 27-dək www.olimpiada.edu.az saytında qeydiyyatdan keçməlidirlər.
Final turu mayın 4-dən 6-dək Bakı şəhərində keçiriləcək.
Olimpiadalar Kapital Bankın baş sponsorluğu ilə keçirilir.