İQTİSADİYYAT
Bakının kimya sənayesində məhsul buraxılışı artıb
Bakı, 3 aprel, AZƏRTAC
Paytaxtın kimya sənayesində məhsul buraxılışı artıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, yanvar-fevral aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 51,6 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 48,6 faiz, əczaçılıq məhsullarının istehsalında isə 14,2 faiz artıb.
Ötən ilin eyni ayları ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 80 faiz, oksigen istehsalı 23,7 faiz azalıb, lak-boya məmulatlarının istehsalı isə 64,3 faiz artıb.
Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 68,2 faiz azalıb. Liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı 4,7 dəfə, polietilen kisə və çantaların istehsalı isə 92,5 faiz çoxalıb.