“Baku Open Cyber Cup” kiberidman turnirinə qeydiyyat başlanır
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-dən etibarən "İnnovasiya həftəsi" çərçivəsində təşkil ediləcək “Baku Open Cyber Cup” kiberidman turnirinə qeydiyyat başlanır.
2018-ci il oktyabrın 28-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiberidman Federasiyası tərəfindən keçiriləcək turnirdə “Xbox” platformasında iki oyun növü “FIFA 19” və “Mortal Kombat” üzrə yarışlar təşkil olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, turnirdə iştirak etmək istəyən 15 yaşdan yuxarı hər bir şəxs müvafiq qeydiyyat formasını (http://www.cybersport.az/tournaments/BakuOpen2018/BakuOpenRegistrationForm.doc) doldurub elektron poçt vasitəsilə cari il oktyabrın 19-dək Azərbaycan Kiberidman Federasiyasına ([email protected]) təqdim etməlidir.
Hər bir oyun növü üzrə seçilmiş 32 iştirakçı oktyabrın 28-də Heydər Əliyev Mərkəzində keçiriləcək turnirdə gücünü sınayacaq. Olimpiya sistemi üzrə keçiriləcək oyunlardan sonra qaliblər müəyyənləşdiriləcək.
Yarışın qalibləri pul mükafatları ilə təltif ediləcək.