“BakuBuild” sərgisi çərçivəsində Mərkəzi Nəbatat Bağında ekoloji aksiya keçirilib
Bakı, 5 oktyabr, AZƏRTAC
XXV Yubiley Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” Sərgisi çərçivəsində oktyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında quşlar üçün yuva və yemləmə evciklərinin quraşdırılması aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, yuva və yemləmə evcikləri yubiley tədbiri münasibətilə xüsusi olaraq təşkilatçıların sifarişi ilə “ABAD” layihəsinin iştirakçıları tərəfindən hazırlanıb. Sərginin daimi iştirakçısı və sponsoru olan “NB Group” şirkəti yuva və yemləmə evciklərinin hazırlanması üçün peşəkar boyalar təqdim edib.
Bu il Nəbatat Bağında aparılan, sərginin daimi iştirakçıları və təşkilatçıları üçün özünəməxsus xoş ənənəyə çevrilmiş abadlıq işləri bağın yubileyinə - onun salınmasının 85-ci ildönümünə təsadüf edib. Bağda ilk dəfə quşlar üçün yuvalar 2009-cu ildə qurulub və həmin vaxtdan etibarən bura nadir quşların məskəninə çevrilib.
Öz yubileyini yeni loqotip ilə qarşılayan “BakuBuild” sərgisi köhnə tərəfdaş və dostlarını quşların sayının və növ tərkibinin artırılmasına, saxlanmasına yönəldilmiş ekoloji tədbirdə hələ sərginin başlamasından əvvəl yenidən bir arada toplayıb. Aksiya çərçivəsində 30 yeni yuva və 10 yemləmə evciyi quraşdırılıb.