Balakən rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 14 avqust, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat zamanı fındıq oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayonun Qazbinə kəndi ərazisindəki fındıq bağından kisələrdə olan 150 kiloqram fındığın oğurlanması barədə polisə müraciət daxil olub. Müraciət əsasında keçirilən tədbir zamanı oğurluğu törətməkdə şübhəli bilinən Mahamalar kənd sakini İxtiyar Qımrıyev və xalası oğlu Tale Ocaqverdiyev yaxalanıblar.
Saxlanılan şəxslər ifadələrində əməllərini etiraf edib və oğurladıqları fındığı kənd ərazisində “Kanal” kimi tanınan ərazidə gizlətdiklərini bildiriblər.
Bundan başqa, 102 - Zəng Mərkəzinə müraciət edən Balakən şəhər sakini isə ona məxsus mal-qaranın tanımadığı iki şəxs tərəfindən oğurlanmağa cəhd göstərildiyini, onlardan birini hadisə zamanı özü tutduğunu, digərinin isə qaçaraq uzaqlaşdığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı məsuliyyətdən yayınmağa cəhd göstərən həmin şəxs də qısa müddətdə saxlanılıb.
Onların rayon sakinləri Əbdülrəhim Muradov və Heydər Abdullayev olduqları müəyyən edilib. Araşdırma zamanı saxlanılan şəxslərin əvvəllər də həmin ərazidən iribuynuzlu heyvanları oğurlamağa cəhd göstərdikləri məlum olub.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.