Balakən sakini: Əhalinin tibbi müayinədən keçirilməsi çox müsbət ənənədir
Balakən, 7 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin birbaşa göstərişi ilə ölkə əhalisinin tibbi müayinədən keçirilməsi çox müsbət hadisədir. Bu, dövlətimizin başçısının öz vətəndaşlarına diqqət və qayğısını bir daha sübut edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri tibbi müayinədən keçən Balakən rayonu sakini Rəşid Musayev jurnalistlərə müsahibəsində söyləmişdir.
Tibbi müayinələrin yüksək səviyyədə keçirilməsindən məmnun qaldığını bildirən rayon sakini demişdir: “Elə insanlar var ki, bu günədək hansı xəstəliklərinin olduğunu, nə ilə mübarizə aparmalı olduqlarını düzgün bilmirdilər. Aparılan tibbi müayinələr səhhətimizdə yaranan problemlərin aşkar olunmasına köməklik göstərir, həkimlər bu xəstəliklərlə necə mübarizə aparmaq lazım gəldiyini bizə başa salır, məsləhətlərini verirlər. Mən özüm duzlaşmadan əziyyət çəkirdim. Aksiyanın ilk günlərində müayinədən keçmişəm. Həkimlərin verdiyi məsləhətlər artıq müsbət nəticəsini göstərir. İndi təkrar müayinəyə gəlmişəm. Aqillər demişkən: “Sağlam bədəndə sağlam ruh olar”. Bu gün müstəqil Azərbaycan sağlam inkişaf yolu ilə gedirsə, vətəndaşlarımız da öz sağlamlıqlarının qeydinə qalmalıdırlar. Bu baxımdan Prezidentimizin bu təşəbbüsünü ürəkdən alqışlayır, ona minnətdarlığımızı bildiririk”.