Balakən sakini: Prezidentimiz insanların sağlamlığını daim diqqət mərkəzində saxlayır
Balakən, 23 fevral (AZƏRTAC). Memarı ulu öndərimiz Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə sürətlə inkişaf etməkdədir. Bu gün tibbi müayinələrin keçirildiyi bu xəstəxana kompleksinin də təməli dövlətimizin başçısı tərəfindən qoyulmuşdur. Prezidentimiz insanların sağlamlığını daim diqqət mərkəzində saxlayır. Çünki dövlətimizin başçısının da dəfələrlə qeyd etdiyi kimi, insan kapitalı dünyada ən qiymətli kapitaldır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Balakən Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçən rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev jurnalistlərə müsahibəsində bildirmişdir.
Tibbi müayinələrin bütün regionlarda olduğu kimi, Balakən rayonunda da müvəffəqiyyətlə davam etdiyini vurğulayan X. Mirəliyev demişdir: “Aksiya çox gözəl təşkil olunmuşdur. Ən ucqar kəndlərdən belə insanlar axın-axın gələrək bu xəstəxanada pulsuz müayinə olunurlar. Gəlmək imkanı olmayan insanlar da unudulmamışlar. Onlar ehtiyac yarandığı məqamda evlərində müayinə olunurlar. Mən özüm də bu xəstəxanada müayinədən keçmişəm. Xəstəxananın kollektivindən çox razıyam. Bu aksiyaya görə, bütün balakənlilər adından Prezidentimizə minnətdarlığımızı bildirirəm”.