CƏMİYYƏT
Balakən sakinləri humanitar tibbi aksiyadan yetərincə yararlanırlar





Balakən, 2 aprel (AZƏRTAC, Mustafa Dadaşov). Vətəndaşların kütləvi tibbi müayinədən keçirilməsi kampaniyası Balakən rayonunda da uğurla davam edir. Balakənlilər onlara verilmiş bu imkandan yetərincə yararlanmağa çalışırlar.
Rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova AZƏRTAC-a bildirmişdir ki, fevralın 17-dən davam edən aksiya çərçivəsində indiyədək rayonun 39 mindən artıq sakini tibbi müayinədən keçmişdir. Müayinələrin keçirildiyi mərkəzi rayon xəstəxanasının, habelə Qabaqçöl qəsəbə xəstəxanası və kənd həkim məntəqələrinin kollektivləri bu vacib işə məsuliyyətlə yanaşır, sakinləri hərtərəfli müayinə edir, onlara lazımi məsləhətlər verirlər. Bundan əlavə, müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar briqadalar ucqar kəndlərin əhalisinə, xəstəxanalara gəlmək imkanı olmayan sakinlərə yerlərdə tibbi xidmət göstərirlər.
Mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsi fevralın 17-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Poliklinikanın müdiri Məhəmməd Əhmədovun verdiyi məlumata görə, aksiyaya başlandığı gündən indiyədək burada 13 mindən artıq sakin müayinə olunmuşdur. Tibbi müayinələr zamanı rəqəmsal rentgen, ultrasəs, qastroskop, endoskop, kardioloji EKO və digər müasir aparat və cihazlardan istifadə edilir.
Mərkəzi xəstəxananın baş həkimi Hacıömər Nuriyev AZƏRTAC-a demişdir ki, fevralın 17-dən indiyədək 4163 nəfər flüoqrafiya, 1454 nəfər ultrasəs, 1994 nəfər kardioloji EKO, 855 nəfər rentgen aparatı vasitəsilə müayinə olunmuş, 12811 nəfərdən qan analizi götürülmüşdür. Sakinlər əsasən ürək-damar, revmatizm, hipertoniya, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkdiklərini bildirirlər. Müayinələr nəticəsində 5624 nəfərə ambulator müalicə təyin edilmiş, 2019 nəfər dispanser qeydiyyatına götürülmüşdür. Eyni zamanda, 148 nəfər mərkəzi rayon xəstəxanasının müxtəlif şöbələrinə yerləşdirilmiş, daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 134 nəfər isə Bakı şəhərinin tibb müəssisələrinə göndərilmişdir.
Müayinədən keçən rayon sakinləri Samurat Gülməmmədova, Rəşid Musayev, Rahim Tağıyev, Mahi Əliyeva və başqaları yaradılmış bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, belə aksiyaların davamlı olmasını arzulamışlar.