İQTİSADİYYAT
BALAKƏNDƏ DÖVLƏT PROQRAMI UĞURLA YERİNƏ YETİRİLİR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2004-2008-ci illərdə Balakəndə 4 minə yaxın yeni iş yerinin açılması gözlənilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, indiyədək Balakəndə artıq 3600-dən çox yeni iş yeri açılmışdır ki, bunun da 1531-i daimidir. Həmin dövrdə rayonda aparılan təmir-tikinti və abadlıq işlərinə, habelə aqrar bölmədə mövsümi işlərə 1500 balakənli cəlb edilmişdir. Yeni kərpic zavodunun, bank filiallarının, fındıq emalı və süfrə suları istehsal edən müəssisələrin, çörəkbişirmə sexlərinin işə salınması əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynamışdır.
Bu dövrdə rayonda sahibkarlığın inkişafına da xüsusi diqqət göstərilmiş, müvəkkil kredit təşkilatları və banklar tərəfindən 967 sahibkara 7,7 milyard manat məbləğində güzəştli kredit verilmişdir.