Balakəndə narkotik tərkibli bitkilər becərən şəxslər saxlanılıb
Bakı, 16 iyun, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələrin kultivasiyasında və saxlamaqda şübhəli bilinən Ş.Şeyxov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 8 kiloqrama yaxın olan 1391 çətənə bitkisi və qurutmaq üçün sərdiyi 1,5 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Araşdırma zamanı Ş.Şeyxovun həmin narkotik vasitəni X.Novruzovla birlikdə əkib-becərdiyi məlum olub. X.Novruzov da şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman sellofan torbada 790 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.