CƏMİYYƏT
Balakəndə və Şəmkirdə antisanitar şəraitdə fəaliyyət göstərən limonad sexlərinin fəaliyyəti məhdudlaşdırılıb
![](/files/galleryphoto/2019/2/1200x630/15641453431758923282_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/1564145343557542520_1200x630.jpeg)
![](/files/galleryphoto/2019/2/1200x630/1564145343574367992_1200x630.jpeg)
![](/files/galleryphoto/2019/2/1200x630/1564145343591585348_1200x630.jpeg)
![](/files/galleryphoto/2019/2/1200x630/156414534334046441_1200x630.jpeg)
![](/files/galleryphoto/2019/2/1200x630/15641453432192710644_1200x630.jpeg)
![](/files/galleryphoto/2019/2/1200x630/1564145343355411334_1200x630.jpeg)
![](/files/galleryphoto/2019/2/1200x630/15641453433605347310_1200x630.jpeg)
Bakı, 26 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər zamanı Balakən və Şəmkir rayonlarında fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.
Balakən rayonunun Qabaqçöl qəsəbəsində Qaysa kəndində yerləşən fiziki şəxs Xoçberov Şaban İbrahim oğluna məxsus sexdə "Alazan" əmtəə nişanlı alkoqolsuz içkilərin, Şəmkir rayonunda Səməd Vurğun küçəsi, ev 5 ünvanında yerləşən fiziki şəxs Məmmədov Yusif Sədi oğluna məxsus sexdə isə "Mimino", "Okey", "Qrand", "Vitoland", "Gold Natura" əmtəə nişanlı alkoqolsuz içkilərin antisanitar şəraitdə istehsal edildiyi məlum olub.
Baxış zamanı sexlərdə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. İstehsalda istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlər görülmədiyi və dövri müayinəsi aparılmadığı, eyni zamanda, qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.
Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexlərin fəaliyyəti məhdudlaşdırılıb.
İstehsal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.