REGİONLAR
Balakənli fermerlər indiyədək 241,7 ton quru tütün istehsal ediblər
Balakən, 25 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Balakən rayonunun təsərrüfatlarında 300 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 243 hektar sahədə “Virciniya botaniki”, 57 hektarda isə yerli “İmmuniy” növlü tütün sortları yetişdiriblər. Hazırda rayonun təsərrüfatlarında tütün yığımı davam edir. İndiyədək sahələrdən 1208,3 ton yaş tütün yarpağı yığılıb. Eyni zamanda, bu günədək emal məntəqəsində, eləcə də fərdi təsərrüfatlarda dərilmiş yaş tütün kütləsindən 241,7 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 150,9 tonu istehsalçılar tərəfindən tədarük məntəqələrinə satılıb və hazırda proses davam edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, mövsümün əvvəlindən bu günədək “Azərtütün ASK” MMC-nin Zaqatala rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə balakənli fermerlər tərəfindən 455,2 ton yaş tütün kütləsi təhvil verilib və müəssisənin qurutma kameralarına yerləşdirilib, ondan 59,2 ton quru tütün istehsal olunub. Eyni zamanda, yerli və digər sort yaş tütün yarpağı istehsalçıların özləri tərəfindən də ipə düzülərək qurudulur və indiyədək fermerlər fərdi təsərrüfatlarında 182,5 ton quru tütün istehsal ediblər.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 425 hektar sahədən 786 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 273,7 ton artıb.