BALAKƏNLİLƏR ELEKTRON KİTABXANADAN İSTİFADƏ EDƏCƏKLƏR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, sentyabrın 19-da Balakəndə mərkəzi rayon elektron kitabxanasının açılışı olmuşdur.
Mərasimə gələn Prezident İlham Əliyev kitabxana ilə yaxından tanış oldu.
Mərkəzləşdirilmiş kitabxana sisteminin yeni binası Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmişdir.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yaxınlığında yerləşən ikimərtəbəli binanın ümumi sahəsi 520 kvadratmetr, kitabxananın fondu isə 30 min nüsxədir. Kitabxananın geniş foyesi, oxu salonu, hər mərtəbədə iki kitab saxlancı və digər xidməti otaqları vardır.
Binada avtomatlaşdırılmış kitabxana informasiya sistemi və elektron kitabxana fəaliyyət göstərir. Oxu salonu quraşdırılmış 12 kompyuterin hamısı internet şəbəkəsinə qoşulmuşdur. Kitabxanada 21 nəfər işçi çalışır.
Prezident İlham Əliyevin Sərəncamı ilə latın qrafikası ilə nəşr olunmuş kitablardan bu elektron kitabxanaya da hədiyyə edilmişdir.
Bu cür kitabxanaların yaradılmasını yüksək qiymətləndirən dövlətimizin başçısı burada insanların biliklərini artırmaları üçün gözəl şəraitin olduğunu bildirdi.
######
