Balakənlilər tibbi müayinələrin keçirilməsini yüksək dəyərləndirirlər
Balakən, 22 fevral (AZƏRTAC, Mustafa Dadaşov). Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası balakənlilər tərəfindən də böyük razılıqla qarşılanmışdır. Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak edirlər.
Rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova AZƏRTAC-a bildirmişdir ki, tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək üçün xüsusi qərargah yaradılmış, cədvəl təsdiq olunmuşdur. Balakən rayonu üzrə 18 yaşdan yuxarı 67 minə yaxın insanın tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. N.Rüstəmova demişdir ki, fevralın 17-dən indiyədək artıq 7 mindən çox rayon sakini tibbi müayinədən keçmişdir.
Bu günlər müayinələrin keçirildiyi Balakən Rayon Mərkəzi Xəstəxanasına üz tutanların sayı əvvəlki günlərə nisbətən xeyli artmışdır. İnsanlar onlar üçün yaradılmış bu şəraitdən maksimum yararlanmaq istəyirlər.
Xəstəxananın baş həkimi Hacıömər Nuriyev bildirmişdir ki, bu cür müayinələrin aparılması ilk növbədə əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Müayinələr Rayon Mərkəzi Xəstəxanası ilə yanaşı, Qabaqçöl qəsəbə xəstəxanasında, həmçinin Kortala, Katex və Talalar kənd həkim məntəqələrində həyata keçirilir. Bundan əlavə, ucqar kəndlərdə yaşayan əhalini tibbi müayinədən keçirmək üçün müxtəlif ixtisaslı həkimlərdən ibarət səyyar briqadalar da yaradılmışdır.
Baş həkim bildirmişdir ki, belə aksiyalar dövlətimizin başçısının xalqımızın sağlamlığının qorunması üçün göstərdiyi qayğının bariz nümunəsidir. Son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görülmüş, ən müasir tibbi avadanlıq və cihazlarla təchiz edilmiş onlarla yeni xəstəxana kompleksi tikilib istifadəyə verilmişdir. 2010-cu ilin iyulunda Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilən bu xəstəxana da məhz belə səhiyyə ocaqlarındandır. Burada quraşdırılan rəqəmsal rentgen, ultrasəs, qastroskop, endoskop müayinə aparatları xəstəliklərin erkən aşkar edilməsində mühüm rol oynayır. Baş həkim demişdir ki, müayinəyə gələnlər daha çox ürək-damar, ağ ciyər, revmatik xəstəliklərindən əziyyət çəkdiklərini bildirirlər. Müraciət edənlər yüksək ixtisaslı həkim-mütəxəssislər tərəfindən müayinə olunur.
Müayinədən keçən insanlar onlar üçün yaradılmış bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, belə aksiyaların davamlı olmasını arzulamışlar.