Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
Bakı, 3 fevral, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum edilən qəsəbə sakini Tural Vəliyev və tanışı paytaxt sakini Bahadır Kərimov tutulublar. Polis şöbəsində onların üzərində şəxsi axtarış aparılan zaman B.Kərimovdan 0,246 qram metamfetamin, T.Vəliyevdən isə 2,512 qram heroin və 0,165 qram metamfetamin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq T.Vəliyevin qəsəbə ərazisində yerləşən evinin yaxınlığında yarımtikilidə gizlətdiyi 1 kiloqram 700 qran heroin də aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.
Faktla bağlı 12 -ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.