ELM VƏ TƏHSİL
BANM-də COP29 çərçivəsində innovativ ideya və həllər müsabiqəsi keçirilib
Bakı, 2 oktyabr, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Boşluğun doldurulması – gənclər və yaşıl əmək bazarı” (Bridging the Gap - Youth and Green Jobs Market) mövzusunda innovativ ideya və həllər müsabiqəsi (ideathon) keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışma COP29 çərçivəsində gənc nəslin yaşıl fəaliyyətə cəlb olunması məqsədilə təşkil edilib.
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BMT İnkişaf Proqramının (UNDP) İnnovasiya rəhbəri Leyla Seyidzadə və COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova çıxış ediblər.
Çıxışlarda ölkəmizdə həyata keçirilən ekoloji inkişaf tədbirlərindən söz açılıb, gənc nəsildə ekoloji mədəniyyətin formalaşdırılması ilə bağlı keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq məsələlərindən bəhs edilib.
Yarışda ümumilikdə 15 komanda iştirak edib. Gənclərin yaşıl iqtisadiyyata yönəlməsini təşviq edən bu ideathon, gənclərin innovativ fikirlərini və həll yollarını ortaya çıxarmaq üçün mükəmməl bir platformadır.