BANM-in nümayəndə heyəti EURIE 2025 Avrasiya Ali Təhsil Sammitində iştirak edib
Bakı, 17 aprel, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda keçirilən Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirak edib.
Bu barədə AZƏRTAC-a ali məktəbdən məlumat verib.
Səfər Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, İstanbul Aydın Universitetinin qəyyumlar şurasının sədri professor Mustafa Aydının dəvəti ilə baş tutub.
Sammit çərçivəsində təşkil olunmuş sərgidə Bakı Ali Neft Məktəbinin də stendi təqdim edilib. Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvar, Malayziyanın ali təhsil naziri Zambry Abd Kadir, eləcə də EURAS prezidenti professor Mustafa Aydınla birgə BANM-in stendinə baxış keçirilib.
Stenddə ali məktəbin innovativ tədris proqramları, beynəlxalq əməkdaşlıqları, tələbə mübadilə imkanları, sənaye ilə inteqrasiya olunmuş təcrübə proqramları və elmi-tədqiqat layihələri barədə ətraflı məlumat təqdim olunub.
Səfər çərçivəsində BANM-in rektoru Elmar Qasımov Koç Universiteti, Sabancı Universiteti, Boğaziçi Universiteti və İstanbul Texniki Universitetinin rektorları ilə də görüşlər keçirib.
Sammitdə ali təhsil sistemlərinin beynəlmiləlləşdirilməsi, ortaq elmi-tədqiqat layihələri və tələbə mübadiləsi istiqamətlərində fikir mübadiləsi aparılıb. EURIE 2025-də iştirak etmək BANM üçün yeni tərəfdaşlıqların qurulmasına, əcnəbi tələbə cəlbi üzrə ixtisaslaşmış qurumlarla əməkdaşlığın yaradılmasına şərait yaradıb.