Baş Dövlət Yol Polisi İdarəsi hazırlıq kurslarına qəbul elan edir
Bakı, 4 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifəsində xidmət aparılması üçün hazırlıq kurslarına qəbul elan edir.
İdarədən AZƏRTAC-a bildiriblər ki, kurslarda ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, sürücülük hüququna malik, aydın nitq qabiliyyəti olan, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vuran, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmayan (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilən yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Kursları müvəffəqiyyətlə bitirib buraxılış imtahanlarından məqbul qiymət almış şəxslər DYP bölümlərinin vakant YPX inspektoru vəzifələrinə təyin ediləcəklər.
Kurslarda iştirak etmək istəyən şəxslər fevralın 20-dək hər iş günü saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (Bakı şəhəri, Xırdalan - Binəqədi şosesi 4) müraciət edərək şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənəd, hərbi bilet, əmək kitabçası (olduğu halda), sürücülük vəsiqəsi, məhkumluğunun olmaması barədə arayışı şəxsən təqdim etməlidirlər.
Əlaqə telefonları: 012 590-81-10, 012 590-81-39.