Baş Prokurorluğun əməkdaşları məcburi köçkünlərə bayram sovqatı paylamışlar
Bərdə, 16 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi 9 noyabr - Dövlət Bayrağı, 12 noyabr - Konstitusiya və 17 noyabr - Milli Dirçəliş günləri münasibətilə Bərdə rayonunda məskunlaşmış 704 ailəyə - 2800 məcburi köçkünə 22 min 400 manat məbləğində 17 min 80 kiloqramlıq ərzaq yardımı göstərmişlər.
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun məsul işçiləri və 24 rayon prokurorluğunun əməkdaşları Bərdə şəhərindəki meşəçilik institutu ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, onların məişət şəraiti və problemləri ilə tanış olmuşlar.
Görüşdə Baş Prokurorluğun idarə rəisinin müavini Elman Əliyev Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət barədə məlumat verilmişdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın mənafeyinə uyğun həll olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnəcəyi əminliklə vurğulanmışdır.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən məcburi köçkünlər Prezident İlham Əliyevin işğal edilmiş ərazilərimizin azad olunması, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətini dəstəklədiklərini bildirmişlər.