BAŞ PROKURORLUQDA GÖRÜŞ
Görüşdə Milli Məclisə təkrar seçkilərlə bağlı qonaqları maraqlandıran bütün məsələlər üzrə səmərəli müzakirələr aparılmışdır.
Demokratiyanın və vətəndaş cəmiyyətinin hərtərəfli inkişafının, insan hüquq və azadlıqlarının daha təminatlı müdafiəsi üçün möhkəm zəmin yaradılmasının, ölkəmizin Avropanın hüquqi, mədəni, iqtisadi və sosial məkanına inteqrasiyasının Azərbaycanın strateji məqsədi olduğunu, respublikamızın Prezidenti İlham Əliyevin imzaladığı sərəncamların, verdiyi göstərişlərin və tövsiyələrin milli parlamentarizm ənənələrinin formalaşmasında mühüm rol oynadığını və son seçkilərdə bir sıra keyfiyyət dəyişiklikləri ilə nəticələndiyini diqqətə çatdıran baş prokuror Zakir Qaralov, Avropa Şurası Xüsusi Komitəsinin seçkiqabağı müşahidə missiyasının bu istiqamətdə fəaliyyətini xüsusi qeyd etmişdir.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin azad, demokratik, ədalətli və şəffaf qaydalar əsasında keçirildiyini və seçkilərdə Azərbaycan xalqının öz iradəsini qanuni şəkildə ifadə etməsi üçün dövlət orqanları tərəfindən bütün zəruri şərait yaradıldığını bildirən baş prokuror, dövlətimizin başçısı İlham Əliyevin parlament seçkiləri ilə bağlı imzaladığı 2005-ci il 11 may və 25 oktyabr tarixli sərəncamlarının müstəsna əhəmiyyətini, bu sənədlərin dövlət orqanları, o cümlədən prokurorluq qarşısında konkret vəzifələr qoyduğunu qonaqların diqqətinə çatdırmışdır.
Seçkilərlə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin yerinə yetirilməsi sahəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verilərək, cinayət tərkibli olması ehtimal edilən məlumatların operativ araşdırılması ilə əlaqədar 59 nəfər prokurorluq əməkdaşından ibarət 18 işçi qrupunun bölgələrə ezam edildiyi, seçki günü vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar dairə seçki komissiyalarından daxil olan məlumatların Mərkəzi Seçki Komissiyası ilə birlikdə təcili araşdırılmasının təmin edildiyi bildirilmişdir.
Seçki qanunvericiliyinin pozulması ilə əlaqədar Baş Prokurorluğa daxil olan 351 müraciət üzrə 18 cinayət işi başlandığını, 17 şəxs barəsində 13 cinayət işinin məhkəməyə göndərildiyini, 15 şəxs barəsində 11 iş üzrə artıq ittiham hökmləri çıxarıldığını, ümumiyyətlə, bütün müraciət müəlliflərinə hüquqları izah edilməklə ətraflı cavablar verilməsinin təmin edildiyini, müraciətlər üzrə görülən tədbirlər barədə ölkə ictimaiyyətinin vaxtaşırı məlumatlandırıldığını bildirən baş prokuror, prokurorluq əməkdaşlarından ibarət işçi qruplarının təkrar seçkilər zamanı da fəaliyyətlərini davam etdirəcəklərini vurğulamışdır.
Görüşdə qonaqları maraqlandıran bütün suallar cavablandırılmaqla, keçiriləcək təkrar seçkilər zamanı vətəndaşların seçki hüquqlarının təmin edilməsi istiqamətində prokurorluq tərəfindən zəruri tədbirlər görüldüyü diqqətə çatdırılmışdır.
Keçirdikləri görüşlərdən məmnun qaldığını bildirən Avropa Şurası Xüsusi Komitəsinin seçkiqabağı müşahidə missiyasının rəhbəri Leo Platvoyet, Avropa Şurasının təklifləri nəzərə alınmaqla təkrar seçkilərin demokratik keçiriləcəyinə əmin olduğunu bildirmişdir.