BAŞ PROKURORLUQDA TÜRKİYƏNİN İĞDIR ŞƏHƏRİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Qonaqları səmimi salamlayan baş prokuror bildirmişdir ki, xalqlarımızın tarixi qədər qədim və milli köklərə söykənən, ümummilli liderimiz Heydər Əliyevin müdrik “Bir millət, iki dövlət” kəlamının məzmununda əksini tapan dostluq və qardaşlıq münasibətlərimiz dövlətimizin başçısı İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla inkişaf etdirilir.
Baş Prokuror qeyd etmişdir ki, “Əsrin müqaviləsi”ndən sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına başlanması və uğurla sona çatdırılması, Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin çəkilməsi qardaş Türkiyənin enerji təhlükəsizliyini möhkəmləndirəcək, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsinin reallaşdırılması isə iqtisadi münasibətlərimizi daha da inkişaf etdirəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin təkcə bu il dörd dəfə Türkiyədə səfərdə olmasını dostluq və qardaşlığımızın sürətlə inkişafına əyani sübut olduğunu söyləyən baş prokuror, respublikamızın rəhbərinin noyabrın 17-də Antalya şəhərində türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşündə söylədiyi proqram xarakterli nitqində Türkiyə–Azərbaycan münasibətlərinin yüksək səviyyəsini dönə-dönə vurğuladığını diqqətə çatdırmışdır. Azərbaycanda Türkiyə vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət göstərildiyi qonaqların nəzərinə çatdırılmışdır.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Saim Karahisarlı ölkəmizdəki sabitliyin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm iqtisadi layihələrin reallaşdırılması üçün geniş imkanlar açdığını, Azərbaycan-Türkiyə qardaşlığının kağız üzərində deyil, qan qardaşlığı olduğunu xüsusi vurğulamışdır.
Görüşdə ölkələrimizin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmış, İğdır və Şamaxı rayon prokurorluqlarının dostluq əlaqələrinin inkişaf etdirilib möhkəmləndirilməsinin zəruriliyi qeyd edilmişdir.
Qonaqlar Baş Prokurorluqda yaradılmış muzeyi gəzmiş, ümummilli lider Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyətini əks etdirən kitablar, sənədlər və fotoşəkillərlə maraqla tanış olmuşlar.