“BAŞLAMAQ OLARMI ÖMRÜ YENİDƏN”
Penitensiar xidmət ilə Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsinə əsasən hazırlanmış penitensiar müəssisələrdə cəza çəkən məhkumların “Başlamaq olarmı ömrü yenidən” adlı şeirlər kitabının Qobustan qəsəbəsində yerləşən həbsxanada təqdimat mərasimi keçirilmişdir. Məhbus həyatı yaşayan insanların yaradıcılıq nümunələrinin toplandığı kitabda Qobustan həbsxanasında cəza çəkən 7 məhkumun da şeirləri vardır.
Mərasimi giriş sözü ilə Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Azər Seyidov açaraq, təqdim olunan kitab barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, forma və məzmun rəngarəngliyi ilə seçilən bu şeirlərdə maraqlı duyğular, kövrək arzular, həyat eşqi ön plana çəkilir. Vətən, Qarabağ, torpaq, övlad, ailə və ana məhəbbətindən söz açılaraq, onların müqəddəsliyi poetik şəkildə əks etdirilir.
Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Hüseyn Əlixanov kitabın ərsəyə gəlməsi üçün görülən işlər barədə məlumat verərək qeyd etmişdir ki, bu şeirlər hazırda həbsxana həyatı yaşayan insanların arzu və diləklərini, onların gələcəyə olan nikbin baxışlarını əks etdirməklə yanaşı, əksər hallarda təəssüf və peşmançılıq hisslərini də təcəssüm etdirir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Mehman Sadıqov, Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Sergey Strelyayevin anası Anna Strelyayeva və həbsxananın rəisi ədliyyə polkovnik-leytenantı Kazım Abdullayev çıxış etmiş və ölkəmizdə insan hüquqlarına, azad sözə hörmət və qayğı ilə yanaşıldığı bir zamanda bu kitabın nəşrini demokratik cəmiyyətin verdiyi geniş imkanlardan biri kimi qiymətləndirmişlər.
Kitaba şeirləri daxil edilmiş ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Sergey Strelyayev, Sahib Əhmədov, Yasin Qasımov və Yaşar İsmayılov nəşrin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıqlarını bildirərək, iştirakçılar üçün şeirlərindən nümunələr oxumuşlar.
Tədbirin sonunda kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həbsxananın məişət obyektlərinə, tibb-sanitar hissəsinə, kitabxanaya, yeməkxanaya və s. baxış keçirilmiş, tədbir iştirakçılarına məhkumların saxlanma şəraiti ilə yaxından tanış olmaları üçün şərait yaradılmışdır.