Baytar həkimlərin ödənişsiz təkmilləşdirmə kursları başa çatıb
Gəncə, 13 avqust, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində ölkənin ayrı-ayrı rayonlarında çalışan 50-dən artıq baytar həkimin ödənişsiz təkmilləşdirmə kursları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov dinləyiciləri təbrik edərək, daim bilik və bacarıqlarını inkişaf etdirmələrinin vacibliyindən danışıb. Bildirilib ki, müasir dövrdə aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi ilə yanaşı müasir metodların istifadə olunmasında olduqca əhəmiyyətlidir.
İştirakçılar keçirilən dərslərin səmərəliliyi və praktiki dərslərin əhəmiyyətini vurğulayaraq, gələcəkdə də ödənişsiz təkmilləşdirmə kurslarının davam etməsi üçün fikir və təkliflərini səsləndiriblər.
Tədbirin sonunda ödənişsiz təkmilləşdirmə kurslarında iştirak edən dinləyicilərə müvafiq ixtisaslar üzrə sertifikatlar təqdim olunub.