Bazeldə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsi ehtiramla anılıb
Bazel, 10 may, AZƏRTAC
İsveçrənin Bazel şəhər qəbiristanlığında alman faşizmi üzərində Qələbə günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Fuad İsgəndərov tədbirə qatılaraq, üzərində azərbaycanlı əsgərlərin adı əks olunan İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub. Müharibədə həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsini ehtiramla yad edib.
Xatırladaq ki, Azərbaycan son üç ildə iki faşizm üzərində Zəfərini qeyd edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun erməni faşizmi üzərində Qələbəsi, doğma Şuşamızın azad edilməsi sayəsində 9 May tarixi dünyanın hər yerində azərbaycanlılar tərəfindən fərqli ab-havada qeyd olunur. İkinci Dünya müharibəsində digər ölkələrin faşizmə qarşı mübarizəsində fədakarlıq göstərmiş Azərbaycan oğulları 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı azad edərək canlarını qurban veriblər. Doğma torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş əsgərlərimizin xatirəsi harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qəlbində əbədi yaşayır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Bazel