BBVB-NİN VALYUTA BÖLMƏSİNİN DÖVRİYYƏSİ 1,468 MİLYARD DOLLAR TƏŞKİL ETMİŞDİR
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, valyuta bölməsində hərracların ümumi dövriyyəsində bağladıqları əqdlərin payına uyğun olaraq, birja valyuta bazarının lider bankları sırasına Azərbaycan Beynəlxalq Bankı, “Bank Standard” Kommersiya Bankı, “Bank of Baku” Səhmdar Kommersiya Bankı, “Azəriqazbank” Səhmdar-İnvestisiya Bankı, “UniBank” Açıq Səhmdar Cəmiyyəti daxil olmuşlar.
BBVB-nin valyuta bölməsindəki hərraclarda noyabrda cəmi 20 bank iştirak etmişdir. Hesabat ayında Elektron Hərraclarının Birja Sistemində 40 ticarət sessiyası keçirilmiş və 107 əqd qeydə alınmış, valyuta bölməsində hərracların həcmi 147,508 milyon manata çatmışdır. Təkcə dollar alətləri üzrə əqdlərin həcmi 147 milyon 474 min manat, yaxud 169,022 milyon ABŞ dolları olmuşdur. Valyuta bölməsində hərracların həcmi əvvəlki ayla müqayisədə 7,18 faiz düşmüşdür. Bu ilin 11 ayının yekunlarına görə BBVB-nin valyuta bölməsinin dövriyyəsi 1 milyard 303 milyon 565 min manat, yaxud 1,468 dollar təşkil etmişdir. Ötən ilin yanvar–noyabr aylarının göstəriciləri ilə müqayisədə birjanın valyuta bölməsinin dövriyyəsi 325,6 milyon manat, yaxud 33,3 faiz artmışdır.
Qeyd etmək lazımdır ki, hesabat ayında milli valyutanın birja məzənnəsi 0,07 faiz möhkəmlənərək, 1 dollar üçün 0,8722-0,8716 arasında olmuşdur. Manatın dollara nisbətdə orta hesablanmış məzənnəsi noyabrda 1 ABŞ dolları üçün 0,8725 AZN olmuşdur, halbuki oktyabrın yekunlarına əsasən 0,8734 manata bərabər idi. Bütövlükdə son bir il ərzində milli valyutanın birja məzənnəsi ABŞ dollarına nisbətən 5,07 faiz təşkil etmişdir.