BDU-da “Heydər Əliyev mühazirələri” layihəsi davam edir
Bakı, 6 may, AZƏRTAC
“BDU könüllüləri” təşkilatı tərəfindən həyata keçirilən “Heydər Əliyev mühazirələri” layihəsi davam edir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Layihənin ikinci qonağı BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Qulu Məhərrəmli olub.
“Heydər Əliyev və media” mövzusunda məruzə ilə çıxış edən Q.Məhərrəmli tələbələrə Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında geniş məlumat verib, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında Ümummilli Liderin müstəsna xidmətlərini vurğulayıb. “Ulu Öndər jurnalistika sahəsinə çox böyük töhfələr verib. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafının təmin edilməsinə dair qəbul edilmiş çoxsaylı sərəncamlar Ulu Öndərin ölkə jurnalistikasına verdiyi yüksək dəyərin sübutudur. Heydər Əliyev qələm sahiblərinin əməyini qeyri-adi, zəhmətli, hünər və fədakarlıq tələb edən əmək kimi ifadə edirdi. Ulu Öndər KİV-ləri cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları tənqid edərək onların aradan qaldırılmasına kömək edən qurum kimi dəyərləndirir, jurnalistləri ədalətli olmağa, öz hüquqlarından sui-istifadə etməməyə, qərəzsiz və dəqiq yazmağa səsləyirdi”, - deyə Q.Məhərrəmli bildirib.
Sonra Q.Məhərrəmli Ulu Öndərlə bağlı xatirələrini bölüşüb və tələbələrin suallarını cavablandırıb.