BDU-da “Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır!” mövzusunda tədbir keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır!” mövzusunda tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə Biologiya fakültəsinin dekanı Afət Məmmədova bildirib ki, milli dəyərlərimizdən olan kəlağayı gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə odlar yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrindən olduğu beynəlxalq səviyyədə təsdiq edilib.
Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirli “Azərbaycan xanımının bəzəyi - kəlağayı” mövzusunda məruzəsində kəlağayıların yaranması, ornamentləri, müxtəlif dövrlərdə istifadə qaydası, ipəkçiliyin tarixi, inkişafı və s. ilə bağlı məlumat verib.
BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı Aynurə Qurban, Botanika və bitki fiziologiyası kafedrasının müəllimi Nigar Alıyeva çıxışlarında xalq yaradıcılığında kəlağayının tərənnümü barədə danışıblar.
Sonra tələbələr Kəmaləddin Hüseynov və Ayxan Məmmədov kəlağayı haqqında şeir və mahnılar ifa ediblər.