BDU-da mühazirə: Planetimizin davamlılığının inkişaf etdirilməsində alimlərin və mühəndislərin rolu
Bakı, 6 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Elm festivalı çərçivəsində Doerr Davamlılıq Məktəbinin və ABŞ-ın Stenford Universitetinin Mühəndislik fakültəsinin mülki və ətraf mühit mühəndisliyi üzrə professoru Maykl Lepekin ustad mühazirəsi dinlənilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun Texnologiyaların transferi və innovasiyalar şöbəsi və “SABAH.lab” tərəfindən təşkil olunan mühazirədə Maykl Lepek “Planetimizin davamlılığının inkişaf etdirilməsində alimlərin və mühəndislərin rolu” mövzusunda çıxış edib. Alim dövrümüzün əsas ekzistensial problemlərindən biri olan davamlılığın inkişaf etdirilməsində innovativ addımlardan danışıb. O, ABŞ-ın Milli Mühəndislik Akademiyasının davamlılıqla bağlı problemləri dəyərləndirməsinin səbəbləri, davamlılıq problemlərinin çoxölçülülüyü və miqyası haqqında aparılmış araşdırmaları təqdim edib, həmçinin mürəkkəb detallar nəzərə alındıqda ortaya çıxan “metastruktur” konsepti haqqında məlumat verib. Qeyd edilib ki, “metastruktur” dedikdə fiziki infrastrukturlar, rəqəmsal informasiya texnologiyaları, maliyyələşdirmə mexanizmləri, biznes və biznes modelləri, tərəfdaşlıqlar və birgə layihələr tətbiq etməli olan qurumlar nəzərdə tutulur. Bu texnologiyalar və təşkilatlar toplusu Stenforddakı tədqiqatçılar tərəfindən ənənəvi infrastruktur sistemlərindən yeni və innovativ üsullarla istifadə edən transsendent infrastruktur formasını göstərmək üçün “metastruktur” adlandırılıb. Hazırda “Uber” və “Kickstarter” kimi bizneslər bu mexanizmlərdən istifadə edir.
Professor M.Lepek Azərbaycanı gələcəkdə enerji ehtiyatlarından yüksək şəkildə istifadə etmək qabiliyyətinə malik ölkə kimi dəyərləndirib.
Sonra tələbələrin sualları cavblandırılıb.