BDU-da tələbələrin distant dərslərdə davamiyyəti yüksək səviyyədədir
Bakı, 23 sentyabr, AZƏRTAC
“Formula-1” üzrə Azərbaycan Qran-Prisinin Bakı şəhərində keçirilməsi ilə əlaqədar Bakı Dövlət Universitetində (BDU) sentyabrın 23-dən etibarən dərslər “Microsoft Teams” və “Blackboard” platformaları vasitəsilə distant (məsafədən) formada təşkil olunur. Bu məqsədlə texniki hazırlıq işlərinə sentyabrın 22-də başlanılıb və növbəti gün dərslərin məsafədən keçirilməsi təmin edilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görülən tədbirlər tədrisin fasiləsizliyinin qorunmasına və təhsil proqramlarının icrasının davam etdirilməsinə yönəlib. Ümumiyyətlə, gün ərzində 22 mindən çox tələbənin tədris prosesinə məsafədən qoşulması nəzərdə tutulur. Tələbələrin dərslərdə davamiyyəti yüksək səviyyədədir.
Tədris prosesinə nəzarət mərkəzləşdirilmiş qaydada həyata keçirilir.