BDU Daşkənd Dövlət Hüquq Universiteti ilə əməkdaşlığa başlayıb
Bakı, 20 may, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Daşkənd Dövlət Hüquq Universiteti arasında əməkdaşlıq sazişinin imzalanmasına dair tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetlər arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni əlaqələrin qurulması, təhsil və tədqiqat sahəsində hər iki ali təhsil ocağı arasında əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qeyd edib ki, BDU beynəlxalq əməkdaşlığa və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verir. Rektor BDU-nun son zamanlar qurduğu yeni beynəlxalq əlaqələr və universitetdə tədqiqat sahəsinin inkişaf etdirilməsi barədə ətraflı məlumat verib. O, mövcud ikili diplom layihələrindən danışaraq bu istiqamətdə əməkdaşlığı gücləndirməklə gələcəkdə ikili diplom layihələri üzərində fəal işləmək təklifini irəli sürüb.
Daşkənd Dövlət Hüquq Universitetinin rektoru Rəhim Hakimov ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəklərini, universitetdə
təhsil alan azərbaycanlı tələbələrin sayının artması üçün əməkdaşlıq və ikili diplom layihəsinin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüş zamanı BDU ilə Daşkənd Dövlət Hüquq Universiteti arasında professor-müəllim heyəti və tələbə mübadiləsinin aparılması, ikitərəfli
birgə simpoziumların, seminarların və konfransların təşkili, birgə tədqiqat layihələrində əməkdaşlıq, kurslar və tədris planları istiqamətində əməkdaşlıq həyata keçirilməsi barədə razılıq əldə olunub.
Sonda universitetlərarası əməkdaşlığa dair saziş imzalanıb.
Onlayn görüşdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Daşkənd Dövlət Hüquq Universitetinin beynəlxalq əməkdaşlıq və davamlı təhsil üzrə prorektoru Dilşod Umarov, Hüquq fakültəsinin dekanı Dildora Kamalova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybek Yaqubov iştirak ediblər.